Əsas səhifə Köşə Gülmək yaxşı şeydi, əgər gülməyə bir şey olsa…

Gülmək yaxşı şeydi, əgər gülməyə bir şey olsa…

admin
58 Oxunub

İllərdir eşidirik ki, gülmək cana və ciyərlərə xeyirdi. Hətta deyilənə görə gülmək ömrümüzü yavaş-yavaş dartıb uzadır da. Deməli, güldükcə ömrümüzün üstünə ömür gəlir. Yəqin bunu bəziləri bilir, bəziləri bilmir. Mən də eşitdiklərimi yazıram ki, bilməyənlər əllərini ciblərinə salıb qəzet alsınlar. Oxuyub bilmədiklərini öyrənsinlər. Görsünlər ki, dünyada nə qədər bilmədikləri şeylər var.

Deməli, bildiklərimizdən belə nəticəyə gəlmək olur ki, gülmək yaman yaxşı şeydi. Bala-bala həm gülüb kef eliyirsən, həm də ömru uzadırsan. Bunun nəyi pisdir ki! Şəxsən mən gülüşün insan ömrünü uzatmasına hamıdan çox inanıram. İnanmasaydım camaata qoşulub gülməzdim. Gözəl ömrümü uzatmaq məqsədilə məqamı düşdükcə fürsəti əldən vermədən güldükcə gülürəm.

Gülmək də elə belə deyil ha. Onun da özünün özünəməxsus növləri, sort və variantları var. Gərək, bunlara düzgün əməl eliyəsən. Yoxsa zəhmətin hədər gedər, ömrün uzanmaz. Bəlkə də düzgün gülmədiyin üçün hər şey tərsinə olar. Allah eləməmiş kimi, ömrün uzanmaq əvəzinə qısalar. Ona görə də gülməyə hazırlaşanda qızıl qaydaları unutmayın. Çünki, adam güləndə müxtəlif vəziyyətlərə düşür, müxtəlif cür əziyyətlər çəkir. Elə adam var ki, güləndə bütün əzələləri tellənir, qarnı yellənir, kefi əməlli-başlı şellənir. Elə sort gülməklər də var ki, adamın bütün bədəni tərpənir, sümüklər dartılır, damarları gərilir. Buna görə də bəzən gülmək adama başağrısı, qarınağrısı və başqa ağrılar gətirir. Belə baxıram, vallah, heç deyəsən gülmək də asan iş deyilmiş.

Mən gülüş üzrə mütəxəssis deyiləm. Heç olmaq fikrim də yoxdu. Amma yeri gəldikcə hərdən bəzi fikirlərimi açıqlamağı ağlımdan keçirirəm. Gülməyin bir-iki növünü sizin üçün misal gətirmək istəyirəm. Qəşş eliyən gülüş (ən populyar növ), məcburi gülüş, ironik gülüş, lakonik gülüş, islahedici gülüş, öldürücü gülüş, güldürücü gülüş, dəliedici gülüş, məstedici gülüş, qəsdedici gülüş, yalançı gülüş, doğruçu gülüş, məzəli gülüş, məzəsiz gülüş… Gülüşlərin sayını artırdıqca artırmaq olar. Mən ən əsaslarının, yəni insan üçün faydalı olan, ömürləri uzadanların ad və familiyalarını çəkdim.

Onu da deyim ki, reski gülmək də düzgün deyil. Gərək əvvəlcə bir az gülümsüyəsən, sonra yavaş-yavaş razqom götürüb gülməyə keçid alasan. Birbaşa gülməyə keçidin müəyyən fiziki zədələri ola bilər. Onlardan qaçmaq üçün gərək bütün norma və qaydalara əməl etməyin zərurətini unutmayasan. Gülməyə başlayarkən çalışasan ki, gülüşləri bir-birinə qarışdırıb səhv salmayasan, qaydalardan düzgün faydalanasan.

Nitq hissələrindən biri olan sifət kimi gülməyin də şiddətli və şiddətsiz dərəcələri var. Gərək güləndə həmin dərəcələrə düzgün əməl edəsən. Yoxsa pis nəticələrlə üz-üzə qalassan. Həyatda gülüşlə bağlı elə qəribə hadisələr baş verib ki, adam onların bəzilərinə inanmaq istəmir. Amma əlahəzrət faktlar bizə inanmaqdan başqa variant qoymur. Bu günə qədər bəlkə də minlərlə insan gülməyin şiddətli dərəcəsindən ölüb. Bəziləri təskinlik üçün deyir ki, bu, xoşbəxtlikdi. Amma mən buna inanmıram. Camaat deyən kimi, gülüb ölmək xoşbəxtlik olsaydı, elə hamı gülə-gülə ölərdi də. Ona görə deyirəm ki, şiddətli güləndə ehtiyatlı olun ki, başqaları kimi siz də onun xoşbəxti olmayasınız.

Uzunçuluğa yol vermədən deyim ki, gülmək yaxşı şeydi. Amma əgər gülməyə ortada babat bir şey olsa. Yoxsa öz-özünə necə güləsən. Gülsən də xalq sənə baxıb deyəcək: yazıq cavan idi, heyf ki, başı tez xarab oldu. Ona görə də gərək güləndə də mərifətli bir şeyə güləsən ki, ətrafdakılar səndən şübhələnməsin.

Hər yerdə və həmişə də gülmək olmur axı. Görəsən, harada və nəyə baxanda gülmək olar? Yəqin ki, teatra, səhnəciyə baxanda, seriala tamaşa edəndə. Heyflər olsun ki, indiki tamaşaların da, səhnəciklərin də, serialların da dadı-duzu yoxdu. Gülməli səhnələrə baxanda adamın ağlamağı gəlir. Aktyorlar gülüş səhnələrini o qədər dayaz və ayaz oynayırlar ki, adam nəinki gülmək, heç gülümsəmək belə istəmir. Ötən illərin aktyorları rola girib gülməli sözləri tamaşaçılara deyirdi, amma özləri gülmürdülər. Yalnız baxanları güldürüb ömürlərini uzadırdı. İndiki aktyorlar isə tərsinə, gülməli sözü deməmişdən əvvəl özləri gülürlər, sonra sözü deyirlər. Bundan da heç nə başa düşmək olmur. Bilmirsən ki, aktyorlar özlərinə gülürlər, yoxsa sözlərinə? Onların gülüşləri gülməkdən çox, hırıldamağa oxşayır. Hırıldamaq da, insanda ikrah hissi oyatdığından, mən elələrini görəndə hirslənirəm. Hirslənməmək üçün də bu cür aktyorların “tamaşa”larına baxmıram. Ömrümü uzatmaq üçün maraqlı əsərlər oxuyub bala-bala gülürəm. Siz də mənim kimi eliyin, oxuyun və gülə-gülə ömrünüzü uzadın. Qoy dodaqlarınızdan təbəssüm əskik olmasın!

Rəy bildir

2 × four =