Əsas səhifə Analitika 2020-ci ilin büdcə zərfinə yenidən baxılacaq

2020-ci ilin büdcə zərfinə yenidən baxılacaq

admin
49 Oxunub

Hazırda hökumətin koronavirus pandemiyası çərçivəsində baş verən hadisələr və neftin qiymətindəki ucuzlaşmalarla bağlı yürütdüyü siyasətin əsas hədəflərindən biri 2020-ci ilin dayanıqlı büdcə xərclərini qoruyub saxlamaqdadır. İlin ilk 3 ayında həm Neft Fondu, həm də fiskal orqanlar olan vergi və gömrük qurumları tərəfindən büdcəyə əlavə daxilolmalara baxmayaraq, pandemiyanın ağır fəsadları əsas etibarilə aprel ayından özünü göstərməyə başlayıb. Bu proseslər büdcə daxilolmalarında əvvəlki dinamikaya da mənfi təsir etrdiyindən hazırda dövlət büdcəsi təhlil edilir. İqtisadiyyat və Maliyyə nazirlikləri cari ilin dəyişən iqtisadi proqnozları əsasında büdcənin parametrlərinə yenidən baxmaq qərarına gəlib.
Xatırladaq ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134 500,0 min manat, xərcləri 26 894 700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 797 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 850 104,0 min manat) məbləğində təsdiq edilib. 2020-ci ilin büdcəsində neftin 1 barelinin satış qiyməti 55 dollar nəzərdə tutulub.
2020-ci il dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd olunurdu ki, icmal büdcə gəlirlərinin 52,7 %-i neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcək. 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 dollara enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6% azala bilər.
Hazırda neft 30 dollardan da aşağıdır və demək neftin bir barelinin satış qiyməti icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 20 %-dən  aşağıdır. Bundan başqa, tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq. Onu da nəzərə alsaq ki, iqtisadiyyatın demək olar ki, bütün sahələri üzrə vergi güzəştləri və tətilləri tətbiq olunub və bu güzəştlər ümumi vergi yığımı portfelinə əhəmiyyətli təsir göstərəcəkdir. Yəni, vergi orqanı proqnozlaşdırılmış vergilərin bir hissəsinin tam qanuni şəkildə biznesin sərəncamında qalmasına şərait yaratmış olacaq. Bu, az məbləğ deyil, yüz milyonlarla manat vəsait deçəkdir. Bütün bu ssenarilər fonunda büdcənin gəlir və xərclərinə baxılması zərurəti qaçılmazdır. Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır.
Büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.
Büdcədə nə, necə dəyişəcək?
İlk növbədə, onu vurğulamaq lazımdır ki, makrofiskal şəraitdə atılan addımlar dövlətin sosial modelinin timsalında cari xərclərin tamhəcmdə qorunub saxlanmasına səbəb olacaqdır. Yəni, hökumət büdcə xərclərinin strukturunun dəyişməsi zamanı sosial təminat və sosial təyinatlı xərclərin bir manatına da dəyməyəcək. Hazırda sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 40 faizindən çoxdur. Bu o deməkdir ki, büdcənin 10 milyard manatlıq sosial xərc portfelindən bir manat da kəsilməyəcək. Hətta hökumət aztəminatlı sosial təbəqəyə və daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi ilə bağlı tədbirləri və maliyyələşməni artırmağı da istisna etmir. Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Bu baxımdan cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir.
Büdcədə bəzi investisiya və infrastruktur xərclərinin “qayşılanması” nəzərdə tutulur. Həmin layihələr isə cari deyil, uzunmüddətli layihələr ola bilər. Bir sıra təmir, bərpa və digər infrastruktur layihələrinin yubadılması dövlət üçün yük yaratmır. Ancaq həmin layihələrin sırasında əməktutumlu layihələr heç bir halda təxirə salınmayacaq. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansına müsbət təsir edən bu layihələrin davam etdirilməsi iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bununla yanaşı, həmin sahədə ehtiyacların ödənilməsi ilə yanaşı, xərclərin dəstəklənməsi fonunda səmərəlilik, nəticəlilik və qənaətlilik prinsiplərinə üstünlük verilməsi əsas müzakirə mövzusudur.
Məsələ ondadır ki, büdcə xərclərinin daralması ilə yanaşı, xərclərin ünvanlılığının artırılması da əsas prioritet olacaq. Hökumət lazımsız və səmərəsiz xərclərdən imtina etməkdə israrlıdır. Xüsusilə də qənaət rejimi dövründə icra orqanlarının bahalı xidməti avtomobillər, mebel və avadanlıqlar və mal-material alması məqbul hesab edilə bilməz. Bəzi rayonların icra başçılarının dövlət büdcəsindəm ayrılmış vəsaitləri mənimsəməsi büdcəyə sərt nəzarəti daha da aktuallaşdırır. Qənaətli büdcə rejimi çərçivəsində rayonlara təmir-tikinti xərclərinin məhdudlaşdırılması əsas mövzudur. Bundan başqa, büdcə xərclərinin səmərəliliyinin artırılması məqsədilə dövlət satınalmalarının şəffaflaşdırılması da əsas meyardır. Tender və  müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi olduqca vacibdir. Hazırda büdcə layihəsinə dəyişikliklərlə bağlı müzakirələrdə ən ciddi məsələ də məhz dövlət vəsaitlərinin icra orqanları tərəfindən müxtəlif sxemlər üzrə şişirdilməsi və mənimsənilməsi hallarının tamamilə qarşısını alınmasıdır.

E.CƏFƏR

Rəy bildir

6 − five =