Əsas səhifə Köşə Ad seçəndə gərək min dəfə yox, dörd-beş milyon dəfə ölçüb-biçəsən…

Ad seçəndə gərək min dəfə yox, dörd-beş milyon dəfə ölçüb-biçəsən…

admin
21 Oxunub

Ad məsələsi çox önəmli işdir. Önəmli olduğu qədər də vacibdir. Çünki adımızı ömrümüzün sonuna kimi kürəyimizə vurulmuş möhür kimi daşıyırıq. Öləndən sonra da onu qəbrimizin üstünə yazırlar. Özü də ad elə dəyərli bir şeydir ki, onu nə ata bilirik, nə sata bilirik, nə də gözünə nəsə qata bilirik. Bəzi adamlar var ki, sonradan adlarından xoşları gəlmir. Çünki adı elə gülməlidir ki, camaat arasında cağırılanda yamanca utanırlar. Ona görə də ürəyində ona ad qoyanı qınaya-qınaya bir ətək sənəd toplayıb adını dəyişir. Özünə şkarnı bir ad seçir. Amma vallah ikinci ad nə adamın özünə, nə də ətrafındakılara yapışır. Hansı təzə çıxan kleydən vursan da tutmur ki, tutmur. Ona görə də ya adama, ya kəndə, ya obyektə, ya da subyektə ad qoyanda gərək min dəfə yox, dörd-beş milyon dəfə ölçüb-biçəşən.

Kimənin özünü tanımazdan əvvəl adını eşidirik. Ad daşıdığı adam haqqında az da olsa informasiya verir. Yaxın bir dostumun doğulduğu kəndin adı Dilənçilər idi. Yazıq kəndlərinin adına görə həmişə xəcalət təri tökürdü. Tez-tez ondan soruşurdular ki, kəndinizdə hamı dilənçidi? Dostum da elə hey kəndlərinə ad qoyanları söyürdü! Bilmirdim ki, söyüşlər ünvanına gedib çatırdı, yoxsa yox? Gəncə tərəfə gedəndə yolumuz bir kəndin içindən keçir. Kəndin adı nə olsa yaxşıdı – Yekəxana! Bu adı eşidəndə fikirləşdim ki, yəqin kəndin hamısı forslu-morslu adamlardı. Bir dostum da var idi, kəndlərinin adı nə olsa yaxşıdı – Tiri. Ondan soruşandakı hansı kənddənsən? O da utana-utana deyirdi ki, Tiri. Ona lağ edib cavab verirdilər ki, yox bir əə, Çitiri! Belə misalların sayını artırıb vərəqi doldurmaq olar. Mən kağıza və vaxtıma qənaət edib kənd adları məsələsindən keçirəm adam adlarına.

Adam adları da kənd adları kimidi. Gərək onlara da elə adlar qoyulsun ki, böyüyəndə utanıb qızarmasınlar. Söhbət adlı bir adam tanıyırdım. Ay camaat, söhbət eləmək nədi ee, heç bu adam ağzını açıb danışmağa da ərinirdi. Bir də görürsən oğlan uşağının adını qoydular Aslan! Valideynləri fikirləşirlər ki, uşaq böyüyüb şir biləkli, canavar ürəkli, pələng kürəkli olacaq. Uşaq yavaş-yavaş böyüyüb tülküdən qorxanın biri olur. Adam onu Aslan deyib çağırmağa da utanır. Kəndimizdə bir arvad ömrü boyu adının xəcalətini çəkə-çəkə yaşadı. Adına təzəcə öyrəşirdi ki, əcəl hoppadan gəlib onu oppalara apardı. Deyəsən, bu arvad haqqında çox danışdım, amma adını demədim. Rəhmətliyin adı Prikaz idi. Ona nə qədər “Prikaz xala, Prikaz xala” – desək də heç cürə dilimiz öyrəşmirdi. Mən başqa- başqa şəhərlərdə, ölkələrdə çox olmuşam, amma heç yerdə Prikaz adına rast gəlməmişəm. Deynən bax ay valideyn, başına ad qəhətdi? Boyunu sevə-sevə böyütdüyün o qız balana gözəl bir ad qoya bilməzdinmi? Qadının adının Prikaz olduğunu eşidən hamı yalnız onun valideynlərini qınayırdı.

Bir şey pisdi ki, uşaqlar özlərinə ad seçə bilmirlər. Ağılları kəsib həyatı yavaş-yavaş dərk etməyə başlayanda artıq onun adı dakumentalnı, sübutalnı üstündə hazır olur. Adından xoşu gəlməsə də onu daşımağa məcburdu. Çünki ona bu adı valideynləri qoyub. Uşağa qoyulan ad isə Allah bilir valideynlərin hansıının ulu babasının adı olub. Valideynlərinə görə ömrü boyu xoşun gəlməyən adı daşımalısan.

Hind kinolarının tüğyan elədiyi dövrlərdə valideynlər guya adlara əl gəzdirib onları bir az müasirləşdirdilər. Kənd-kəsək yavaş-yavaş hind adları ilə doldu. Daş atırdın Racuya, Şakaya, Zitaya, Gitaya, Bassantiyə, Bobbiyə, Raca, Cimiyə və başqalarına dəyirdi. Kəndimizdə yeni hind filmləri göstərildikcə, belə adların sayı artırdı. Bəzən ağsaqqallar cavanlara deyirdilər ki, uşaqlarınıza belə adlar qoymayın. Yaşlananda onları Bobbi bibi, Gita nənə, Bossanti xala, Şaka dayı, Rac əmi çağıranda utanacaqlar. Təəssüf ki, indi də cəmiyyətimizdə türk seriallarındakı adlar tüğyan edir.

Fikirləşirəm ki, deyəsən Dədə Qorqud vaxtındakı hamısından yaxşı idi. Onda seçim ad sahibinin özünün idi. Neçə deyərlər, bu meydan,  bu da şeytan. İgidlik göstər, hünər nümayiş elə, ad qazan. Qazana bilmirsənsə zəhmət çək adsız yaşa. Mən bir şeydən qorxuram ki, o dövrə qayıtsaq, çoxumuz adsız qalaq. Çünki bizdə hardadır elə hünər ki, şiri boğaq, buğanı yıxaq, təpəgözü gözündən vuraq, divi öldürək. Biz elə hünərli olsaydıq, ermənilər torpaqlarımızı işğal etməzdi ki! Addan çox danışdım, görəsən bəs bu işğalın adını nə qoyaq? Doğrudan da, deyəsən, ad qoymaq çətin məsələymiş. Gərək uşaqlarımıza ad qoyanda yaxşı-yaxşı fikirləşib eləsini seçək ki, gələcəkdə ünvanımıza yaxşı sözlər desinlər.   

Rəy bildir

10 − 8 =