Əsas səhifə Köşə Koronalı günlərimiz…

Koronalı günlərimiz…

admin
25 Oxunub

III YAZI

Vahid MƏHƏRRƏMOV

Builki Novruzda səmənin, paxlavanın və şəkərburanın üzünü gülən görmədik…

Düzdür ee, deyillər vaxtın, zamanın pisi yoxdu. Onu pis məqsədə, pis işə istifadə edənlər var. Amma buna baxmayaraq demək və yazmaq istəyirəm ki, koronavirus bizi yaman pis vaxtda, pis zamanda və pis məqamda yaxaladı. Əslində zaman, vaxt yaxşıydı, öz axarı-baxarı ilə axıb gedirdi. Korono onu korlayıb pis elədi. Millətimiz, xalqımız qəşəng-qəşəng Novruz bayramına hazırlaşırdı. Kosa saqqalını uzadıb darıyırdı, keçəl başını isladıb ora-burasını qırxdırırdı. Paxlava, şəkərbura bişirən kim, səməni əkib göyərdən kim, səyahətə hazırlaşan kim, qonaqlıq keçirən kim, şənlik tədarükü görən kim… Xülasə, əziz bayramımız olan Novruza bir hazırlıq var idi ki, gəl gör və birdən-birə sevincin yer üzünə yerləşməyib bülənd olsun ucadan uca göylərə.

Amma bu andır korono gəlişi ilə hər şeyi çevirib altı-üst, üstü-alt elədi. Bütün hazırlıqlar və tədbirlər təxirə düşdü. Bayram ovqatında olan camaatın kefi xeyli pozuldu. Keçəlin başı tükləndi, kosanın saqqalı gödəldi. Hamı kökləndi koronovirusun üstünə. Qorxu, narahatçılıq, nigarançılıq  duman kimi hər yanı bürüdü. Gül kimi Novruz bayramı keçdi ikinci, üçüncü plana. Nə yaxşı ki, uşaqlar ordan-burdan taxtadan-zaddan yığıb ocaq qalayıb virusun gözünü qorxuzdular, az-çox bayramı unutmağa qoymadılar.

Virusdan qorxa-qorxa olsa da camaat şəkərbura, paxlava bişirdi. Hələ canım sizə desin aş da dəmlədi. Buğda alıb səməni də göyrətdi. Amma neyniyəsən, nətəri eliyəsən virusa yoluxub xəstələnmək qorxusu ovqatımızı korladı. Dost-tanışın evinə qonaq getməyə həsrət qaldıq. Dost-tanışlar da bizə gələ bilmədi. Ünsiyyət ən zəruri ehtiyaca çevrildi. Qohum-əqraba ilə əlaqə yalnız və yalnız telefon və skayfla oldu. Heç belə ünsiyyət də adamın qaşbağını açmadı.

Evdəkilərin başı yeməyə qarışanda mən arada süfrəyə qoyulmuş səməniyə də, paxlavaya da baxdım. Hələ arada baxa-baxa hərəsindən bir-ikisini də yedim. Diqqətinən fikir verəndə gördüm ki, nə paxlavanın, nə də səmənin üzü keçənilki kimi gülmür. Keçənilki gülüş hara, indiki hara. Onlara baxanda mən də bir az pis olub bekafladım. Daha əl uzadıb onları yemədim, fikirləşdim ki, bu hərəkətim xətirlərinə dəyər. Qayıdıb deyərlər ki, biz nə hayda, sən nə hayda. Sən qarnı fikrin çəkirsən, biz koronovirusun dərdini.

 Paxlavanı, şəkərburanı, səmənini elə qəmli görəndən sonra Covid-19-un ünvanına bir-birinin ardınca o ki var acı-acı sözlər döşədim. Döşədiklərim dizinfeksiya məhlulundan da kəskin və acı idi. O qədər acı idi ki,  bu sözlər virusun qulağına çatsaydı, bəlkə də ikicə saniyənin içində ovulub məhv olardı. Fikrim var ki, bu sözləri dizinfeksiya məhluluna qatdırıb şəhərimizin bütün küçələrini yuyub viruslardan təmizləyək. İşdi-şayət bu məhlul yaxşı effekt versə, onu xarici ölkələrə satıb valyuta ehtiyatımı kifayət qədər artıracam.

Uzun sözün qısası, bu il Novruz bayramını ürəyimiz istiyən kimi keçirib sevinə bilmədik. Korono işlərimizi də, planlarımızı da, kefimizi də xeyli pozdu. Fikirləşirəm ki, eybi yox, bunu özümüzə çox dərd eliyə-eliyə ürəyimizi yüklüyüb naqruskaya salmayaq. Nə qalıb ha, gələn ilin Novruzuna. Papağımızı bir az da tez fırlada bilsək, bir də görəciyik, bu dee bayramm, gəlib qapımızın ağzını kəsdirib. İnşallah, o vaxtacan korono ilə haqq-hesabı da yüz faiz çürüdüb onun dərsini yaxşıca-yaxşıca verərik. Gələn il bayramı koronanın acığına lap yaxşı, kefimiz istiyəndən də bir az yuxarı keçirərik. Onda paxlavamızın da, şəkərburamızın da, səmənimizin də, özümüzün də üzü qəşəng-qəşəng gülər, dodaqlarımızdan sevinc qarışıq gülüş tökülər. Biz də onlara gözdolusu baxarıq ürəyimiz geniş açılar. Bu genişlikdən ölkəmizin hər yerinə qığılcımlar saçılar.  

Xaricilər virusa dərman axtarırdılar, bizimkillər isə ərzaq mağazalarına vay verirdik…

Koronovirusun, epidemiyanın, pondemiyanın, Covid-19-un və karantinin adı çəkilən kimi camaat əlini cibinə atıb başladı olub-qalan pulunu xərcləyib evə ehtiyat ərzaq almağa. Yeşik-yeşik, klok-klok, bağlama-bağlama ərzaq mallarını alıb mətbəxi ağız-bağız doldurdular. Fikirləşdilər ki, amandı birdən ac qalarlar, mədələri ağrıyar, qarınları curulduyar, bağırsaqları qurulduyar, böyrəkləri mırıldayar. Xarici ölkələrdə yaşayanlar virusun dərdini çəkdiyi, onunla ölüm-dirim mübarizəsinə hazırlaşdığı bir vaxtda, biz də başladıq qarnımızın dərdini çəkməyə, mədəmizin fikrin eləməyə. Vallah, deyəsən biz avropalılardan çox-çox ağıllı və kamallıyıq. Çünki onların başbilən, savadlı alimləri, həkimləri virusa dərman, çarə axtardığı günlərdə biz də başladıq mağazalarda düyü, vermeşil, un nə bilim hansı ərzaq məhsulları axtarmağa.

Bəziləri də elə bildi ki, deyəsən elə virusun dərmanı vermeşildə, düyüdədi, undadı, daha nə bilim nədə və hardadı. Avropalılar da bizim bu işlərimizə mat-məttəl qaldılar. Mağazalarda bir basabas başladı ki, gəl gör, istəsən gül, istəsən ağla, istəsən də bu anların şəkillərini çək yadigar saxla. Xaricdəkilər virusdan öləcəklərindən qorxdular, bizimkilər də acından. Düyü tayını şəllənən kim, un kisəsini qucaqlayan kim, yağ karabkasını alan kim, konservaları kürəyinə yükləyən kim, tuşonka dalınca qaçan kim. Sürətini artırıb qaçanda yıxılan kim, duran kim, əzilən kim. Bir alhaal, bir daşıhadaşı var idi ki, nətəri. Elə bil həyatın so günü idi, daha səhər açılmayacaqdı, günəş çıxmayacaqdı…

Qısa müddət ərzində camaat mağazalara bir vay verdi ki, baxma ürəyin ağrıyar, görmə gözün yaşarar, eşitmə qulağın kar olar, fikirləşmə qəlbin sızıldayar, düşünmə könlün mızıldayar. Amma baxmamaq da olmurdu, eşitməmək də olmurdu, görməmək də olmurdu. Kar ha deyildik, kor ha deyildik. Mağazalarda un da qutardı, düyü də qurtardı, vermeşil də qurtardı, amma adamların növbəsi bitib tamamlanmadı. Uzandıqca uzandı, böyüdükcə böyüdü, yekəldikcə yekəldi. Xəbərimiz yox imiş, deyəsən dünyanın axırı gəlib çatıbmış. Bu dəqiqələrdə mən də çox həyəcanlıydım, qulağım səsdə qalmışdı. Həyacanım nə ərzağa, nə də koronoya görə deyildi. Mən bu anlarda İsrafilin Sur düdüyünün çalğısını eşidəcəyimi düşünürdüm. Amma düdük səsi-filanı eşidilmirdi. Deməli, hələ dünyanın axırı gəlməmişdi. Mən diqqətinən baxanda gördüm ki, hələ heç deyəsən, gəlmək fikri də yox idi. Yaşamağa davam edə bilərdik. Çünki İsrafildən bir səs, bir cıqqırtı çıxmırdı, bir görüntü gözə dəymirdi.

Rəsmilər efirə çıxıb nə qədər and-aman edə-edə, ərzaq ehtiyatımızın çox olduğunu desələr də, camaat onlara inanmırdı. Nə isə deyilənlərə şübhə ilə yanaşırdılar, çəp-çəp baxırdılar. Camaat onlara niyə inanmadığından heç cürə baş aça bilmirdim. Bəlkə də maska məsələsinə görə idi, ya bəlkə dörd-beş il əvvəlki dolların kursunun bir gecədə xeyli qalxıb yuxarı dırmaşması ilə bağlı idi. Yadımdadı, o vaxtlar da özlərini iqtisadi məsələlər üzrə ekspert adlandıranlar dalbadal efirə çıxaraq dedilər ki, ay camaat, bizə inanın, dolların kursu qalxmayacaq. Heyf ki, deyilənlər doğru çıxmadı. Dolların kursu bir gecədə qalxıb durdu ceyranın belindən də yuxarıda. Amma bu dəfə rəsmilər ərzaq məsələsindən bəhs edəndə yalan danışana oxşamırdılar. Maşallah olsun, yəqin ki, ehtiyatımız çoxdu də. Yoxsa nə olub ki, məmurlar durub camaatı aldatmaq fikrinə düşsünlər. Şəxsən mən rəsmilərin gözlərinin içinə baxanda dediklərinə yüz faiz inanırdım. Çünki çox ümidlə və inamla danışırdılar. Sözləri ilə gözləri üst-üstə düşüb bir-birini tamamlayırdı. Məndən fərqli olaraq, deyilənlərə inanmayan camaat bir ucdan mağazalara axışırdı. Sözün düzünü deyim ki, mən də ayın-öyün almaq üçün mağazaya getdim. Amma utandığımdan çox şey almadım. Nə yaxşı ki, mən başqaları kimi üzlü deyiləm, bir az utanıb-qızarmağım var. Bu xasiyyətim bəzi yerlərdə və bəzi məqamlarda əlimdən tutub məni xəta və bəlalardan xilas edir. Elə bilirəm ki, bu mənim şəxsi milli sərvətimdir. Buna görə də onu göz bəbəyim kimi qoruyuram. Allah bu utanıb qızarmağı mənə çox görməsin. Amin!

Virusdan qorxmuş vətəndaşlarımız sanki onun acığını mağazalardan çıxırdılar. Amma öz aramızdı ee, mağazaların həmin günlərdə işi yaman xod gedirdi. Ticarət obyektlərinin sahibləri bir ayda qazana bilmədiklərini bir-iki gündə cibiştanlarına yığıb-yığışdırırdılar. Həmişə belə olub də! Müharibələr, epidemiyalar, dava-dalaşlar kimin üçünsə faciə, kimin üçünsə qazanc mənbəyi olub. İndi də camaatımızın bir hissəsi itirirdi, bir hissəsi qazanırdı.

Amma vaxt darlığından hesablaya bilmirdim ki, görüm itirənlərimiz çoxdu, yoxsa qazananlarımız. Allah axırımızı xeyir eləsin, görək işlərimiz bundan sonra necə gedəcək? Nələri itirəcəyik, nələri qazanacağıq! Kaş ki, heç nə itirməyəydik, amma çoxlu qazanaydıq. Bilmirəm belə bir şey mümkün olar, yoxsa yox? Hər halda ümidlə yaşamaq lazımdı. Barı heç olmasa, ümidimizi yaxşı-yaxşı qoruyub saxlayaq, heç vaxt onu itirməyək, virusa-zada yoluxdurub qızdırmasını qaldırmayaq, karantinə-marantinə saldırmayaq.

(Ardı var)

Rəy bildir

ten + five =