Əsas səhifə Analitika Vergi orqanı yeni vəzifə və səlahiyyətlərlə yola davam edəcək

Vergi orqanı yeni vəzifə və səlahiyyətlərlə yola davam edəcək

admin
22 Oxunub

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də Əsasnaməsi təsdiq edilib. İndiyə qədər bir çox suallar doğuran məsələlər əsasnamədə öz əksini tapıb və bununla da vergi orqanının fəaliyyətinin hədəfləri tam şəkildə müəyyən edilib. Vergi orqanı nazirliyin tərkibində xidmət kimi faəliyyət göstərsə də, əslində səlahiyyətləri daha da artırılıb. İnstitisional baxımdan, Vergi Xidməti ölkənin fiskal orqanı kimi yığımların vahid mərkəzi orqanı müəyyən edilib.
Yeni iqtisadi siyasəyə əsasən, Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla müəyyən edilmiş digər icbari ödənişlərin yığılmasını təmin edəcək. Beləliklə, ölkədə bütün növ vergi və yığımlar vahid bir mərkəzdə cəmlənəcək. Bu, vahid fiskal siyasətin təmin edilməsi ilə bərabər, məcburi dövlət sosial, işsizlikdən və icbari tibbi sığorta haqlarının yığılmasında rast gəlinən neqativ halların da aradan qaldırılması məqsədi güdür. Vergi orqanı həmçinin, mühasibatlıqla bağlı məsələləri də tənzimləyəcək. Belə ki, “Mühasibat uçotu haqqında” qanunla müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək bu quruma həvalə olunub. Burada başlıca məqsəd “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, ikili mühasibatlıqla və qeyri-rəsmi məşğulluqla mübarizə tədbirlərində indiyə qədər fəal iştirak etmiş vergi orqanlarının daha koordinasiyalı və geniş səalhiyyətli qurum kimi rolunu artırmaqdır. Çünki vergi orqanı digər müvafiq qurumlarla birgə son 2 ildə məşğulluğun təmin edilməsi, “qara iqtisadiyyatın ağardılması”, iqtisadiyyatın şəffaflaşdırılması sahəsində əhəmiyyətli müsbət nəticələr əldə edibdir. Son bir ildə dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsaitin daxil olması, qeyri-leqal fəaliyyət göstərən bir sıra ictimai iaşə, istehsal və xidmət sahələrində məşğulluğun təmin edilməsi və s. mühüm irəliləyişlər vergi xidmətinin qarşıya qoyulmuş məqsədlərə çatmasında aktiv rolunun göstəricisidir. Məhz bu məqsədlə “qara mühasibatlığın” ləğvində bu quruma daha geniş imkan və səlahiyyətlər verilir. 
Hazırda vergi sistemində aparılan islahatların əsas istiqamətlərindən biri sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkilinin təmin edilməsidir. Uçot sisteminin olmaması vergi ödəyiciləri tərəfindən ikili mühasibatlığın aparılmasına, vergiyə cəlb edilən dövriyyələrin gizlədilməsinə səbəb olur. Buna hazırda ən çox kənd təsərrüfatı sektorunda rast gəlinir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən gəlirlərin və xərclərin uçotu lazımi qaydada aparılmır, ilkin sənədlər, o cümlədən malların alışı və satışını təsdiq edən qaimə fakturalar, təhvil aktları tərtib edilmir, vergi orqanlarına bəyannamələr təqdim edilmir və ya təhrif olunmaqla təqdim edilir, əmək münasibətləri rəsmiləşdirilmir. Kənd təsərrüfatı məhsullarının emalını və tədarük qaydasında satışını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçılarından aldıqları malları rəsmiləşdirmirlər ki, bununla da kənd təsərrüfatı məhsullarının növbəti satış əməliyyatlarının həcmini və bunun nəticəsi kimi vergi effektini müəyyənləşdirmək mümkün olmur. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergidən azad edilməsi nəticədə digər sahibkar subyektlərində sui-istifadə hallarına şərait yaradır. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirən şəxslərdə aparılan vergi nəzarəti tədbirləri zamanı gəlirdən çıxılan xərcləri sübut edən sənədlərin olmaması vergi mübahisələrinin yaranmasına səbəb olur. Araşdırmalar göstərir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının 10 faizində ilkin uçot təşkil edilməyib. Bazar iqtisadiyyatı şəraitində bütün istehsal subyektləri təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərir. Bu isə öz növbəsində gəlirlərin formalaşmasına təsir göstərən çoxsaylı amillərin – əkin sahələrinin, bəslənilən mal-qaranın strukturunun, məhsul istehsalında iştirak edən xərclərin tərkibinin, dəyişən və sabit xərclərə təsir göstərən amillərin, əmtəə bazarlarında qiymətlərin dəyişmə meylinin və s. dərindən təhlil olunmasını tələb edir. Təhlil aparmaq üçün isə təsərrüfatın iqtisadi cəhətdən əsaslandırılmış biznes planının olması, gündəlik yerinə yetirilən əməliyyatların və bununla əlaqədar faktiki xərclərin, məhsul satışından daxil olan vəsaitin, ümumiyyətlə təsərrüfat fəaliyyəti ilə əlaqədar olan bütün gəlir və xərclərin uçotunun aparılması zərurəti yaranır. Bu kimi problemlərin həll məqsədilə aqrar sahədə uçotun təşkili sahəsində nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Məhz Vergi Xidmətinin əsasnaməsində bu məsələyə xüsusi yer verilməsi də təsadüfi deyil. Sənəddə ailə-kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq kimi hüquqlar müəyyənləşdirilib.

E.CƏFƏR

Rəy bildir

12 − one =