Əsas səhifə Analitika Kassa çekini tələb et, ƏDV-nin bir hissəsini geri al…

Kassa çekini tələb et, ƏDV-nin bir hissəsini geri al…

admin
12 Oxunub


Hökumət “kölgə iqtisadiyyatı”nı azaltmaq üçün əhalini kassa çeki almağa həvəsləndirən yeni layihəyə başlayır

Məlum olduğu kimi hökumət pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə, ödənilmiş ƏDV-nin qaytarılması mexanizminin tətbiqinə hazırlaşır. Yaxın günlərdə bu prosesə start veriləcək. Vergi Xidməti tətəfindən müəyyən edilmiş qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqam xüsusi diqqət çəkir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən tərəf fiziki şəxs olmalıdır. Bundan başqa, satıcı tərəfdə mütləq ƏDV ödəyicisi olmalıdır. Ən mühüm məqamlardan biri isə yeni nəsil kassa aparatlarından (NKA) istifadədir. Yəni, ƏDV-nin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür, əks halda alıcılar bu imkanlarda yararlana bilməyəcəklər. Yeri gəlmişkən, ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi geri qaytarılacaq.
Bəs hazırda vəziyyət necədir, yeni nəsil NKA-lar mağaza və iaşə obyektlərinin hər birində quraşdırılıbmı? 
İlk öncə qeyd etmək lazımdır ki, yeni NKA-ların quraşdırılmasında başlıca məqsəd “kölgə iqtisadiyyatı”nın azaldılması üçün nağd dövriyyələrə də nəzarət edilməsidir. Bu texniki qurğuların təmin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırlıb. Xidmətin məlumatına görə, yeni NKA-ların quraşdırılmasına 2019-cu ilin əvvəllərindən Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başlanılıb və bu proses qarafik üzrə mərhələ şəkildə aparılır. İlk mərhələdə bu qurğular iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılıb. Eyni zamanda, ötən il avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunmağa başlayıb. Hazırda ƏDV ödəyiciləri olan pərakəndə ticarət və ictimai iaşə obyektlərində NKA-ların quraşdırılması işləri davam etdirilməkdədir. Ümumilikdə, bu prosesin 2022-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, hələ kifayət qədər obyektlər yeni NKA-larla təmin edilmədiyindən hələ 100 minlərlə müştərinin ƏDV-ni geri alması ən azı 2 il çəkəcək. Paytaxt sakinləri isə bu fürsətdən tamamilə yararlana biləcəklər. Sual doğuran başqa bir məqam var, hökumətin ƏDV-nin müştəriyə bu güzəşti, yəni ƏDV-ni geri qaytarmasında məqsədi nədir?
Məlum olduğu kimi, hazırda ölkəmizdə iqtisadi islahatlar çərçivəsində ən mühüm addımlardan biri bütün sahələrdə uçotun düzgün qurulması, biznesin hesabatlılığı və şəffaflığın təmin edilməsidir. Bu tədbirlər əsas etibarilə daha çox vergi məsələləri ilə bağlıdır. Yəni, hesabatlılıq və düzgün uçot vergi ödəyicilərinin fəaliyyətində əsas prinsipdir. Vergidə “qara iqtisadiyyatın” və büdcəyə vergi yayınmalarının əsas təzahürlərindən biri də məhz kassa çeki ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycanda kassa çeklərinin tətbiqindən təxminən 25 il müddət keçib, amma bu sahədə əsas problem vergi ödəyiciləri tərəfindən NKA-lardan istifadənin qənaətbəxş səviyyədə olmamasıdır. Vergi orqanları vətəndaşlar arasında maarifləndirici xarakterli təşviqat işləri aparsa da, insanların özündə çek tələb etmək vərdişləri formalaşmayıb. Müşahidələr göstərir ki, marketlərin əksəriyyətində vətəndaşların kassa çeki tələb etmək istəklərinin olmadığı nəzərə çarpır. Məsələ ondadır ki, əksər ticarət və ictimai iaşə obyektləri tərəfindən verilən çeklərdə vergi ödəyicisinin adı, VÖEN-i göstərilsə də, tələb edilən bütün məlumatlar olmur. Böyük supermarketlərdə alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir. Yaxud əksər obyektlər sadəcə qəbz verir ki, bu da kassa çeki deyil. Həmin kağızlar fiskal sənəd olmadığından faktiki olaraq hesablaşmaların dövriyyəsinin əks etdirmir və verginin gizlədilməsi deməkdir. Kassa çekində vergi ödəyicisinin adı, VÖEN-i, obyektin adı və yerləşdiyi ünvan, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ, çekin vurulmasının tarixi və saatı, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, fiskal rejiminin nişanı kimi göstəricilər əks etdirilir. Bu göstəricilərin olduğu kağızlar həqiqi kassa çekləri hesab edilə bilər.
Müxtəlif obyektlər tərəfindən kassa çekinin tələb edilməməsi faktiki olaraq “qara iqtisadiyyatın” nişanəsidir. Mağazaların satış dövriyyəsini gizlətməsində əsas vasitələrdən biridir. Bu, qeyri-qanuni yığımlar və vergidən yayınmanın bir növüdür. Kassa çekinin alıcıya təqdim edilməməsi həm büdcədən verginin yayındırılmasıdır, həm də istehlakçının hüquqnun pozulmasıdır. Ona örə də, dövriyyəyə cəlb olunmalı vergilərin ödənilməsi aktual məsələ kimi gündəmə gəlib və insanları kassa çekləri almağa həvəsləndirmək üçün müxtəlif stimulların tətbiqi nəzərdə tutulur. Əksər hallarda vətəndaşların özləri kassa çeki tələb etməkdən imntina edirlər, mağaza sahibləri isə çek tələb etmədiklərinə və yaxud təqdim olunduğu halda onu götürmədiklərinə görə, bundan sui-istifadə edirlər. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü çek tələb etmir. Nəticədə vətəndaşların çek tələb etmək vərdişinin olmaması qarşı tərəfi arxayınlaşdırır. Təşviqedici və izahedici məlumatlar da yaxşı fayda vermir. Ona görə də vətəndaşları maddi cəhətdən həvəsləndirməyin ən yaxşı yollarından biri də məhz ƏDV-nin geri qaytarılması mexanizmidir. Müştəri mal alan zaman ödədiyi pulun ƏDV-nin 10-15 faizinin ona qayıdacağını nəzərə alaraq çek tələb etməkdə maraqlı olacaq. Hər ay mağazadan 300-400 manatlıq alış-veriş edən bir şəxs nağd ödəniş zamanı 72 manatlıq ƏDV-nin 10 faizini – 7 manat 20 qəpiyinin, 6 ayda isə 43 manatının ona qayıdacağına əmin olduqda, təbii ki, çek tələb edəcəkdir.

E.CƏFƏR

Rəy bildir

4 × 4 =