Əsas səhifə Köşə Yalançılığın və yalançının sonu …

Yalançılığın və yalançının sonu …

admin
15 Oxunub

Vahid MƏHƏRRƏMOV

Dünyaya və dünyadakılara baxışlarımız fərqlidir, rəngarəngdir. Hərə dünyanı bir cür görür və o cür də dərk edir. Dərk edə bildiklərinin və  bilmədiklərinin içində xoşu gələnlər də var, bezdirənlər də. Dünyada xoşum gələnlərdən söz açsam yüz faiz olmasa da, doxsan doqquz faiz dava düşəcək. Ona görə səssizcə aradan çıxıb xoşum gəlməyənlərə tərəf meyillənirəm. Bu başaçılmaz dünyada ən çox xoşum gəlməyən hər gün rastlaşdığım yalan və yalançılıqdı. Fikirləşirəm ki, yalanları daşıyan yalançılar olmasa, yalan itib-batar, törəyib artmaz, heçliyə çevrilib görünməz, dünyada yalan-filan gözə dəyməz, camaatı aldatmaz. Qulağımız dinc olar, bala-bala yalansız yaşayarıq. Amma yalançılar yalandan ikiəlli yapışıb onu özlərindən və gözlərindən uzağa buraxmır, yeni yalanlarla ona həyat verib qidalandırırlar. Dolanışıqları yalandan çıxdığına görə onunla nəfəs alıb, ona nəfəs verirlər. Gələcəyə onun qanadlarının üstündə gedirlər. Əgər yalanın başını buraxsalar, sabahlara gedib çatmayacaqlar. Tappıltıynan, guppultuynan yıxılıb çolaq olacaqlar. Buna görə də yalanın quyruğunu əllərində və dillərində möhkəm saxlayırlar. Ona gücləri çatan qədər can verirlər, qan köçürürlər. Bu koronalı günlərimizdə yalanı yavaş-yavaş yedirdə-yedirdə, içirdə-içirdə kökəldirlər. Yəqin axırda da ətliyə verib halal kolbasa hazırlatdıracaqlar, marketlər də halal yalan kolbasaları satacaqlar.

Yalançılıqla yaxından və uzaqdan məşğul olanlar gözəldən gözəl bilirlər ki, onların da ayrı-ayrı növ və xüsusuyyətləri, bəzi qızıl qaydaları var. Yalançılığı özlərinə peşə edənlərin bunlardan başları yaxşı çıxır. Çünki başları yaxşı çıxmasa, bədənləri yüz faiz ilişib qalacaq yalanların içində.

Əgər yalan və yalançıların müsabiqəsi keçirilsə, bir basabas düşər ki, nətəri. Bir maraqlı yarış keçirilər ki, gəl gör və qarnın cırılana qədər gül. Müsabiqələrdə yalanın və yalançıların əl-ayaqları elə açılar ki, sonradan onları yığıb-yığışdırmaq da mümkün olmaz. Tez-tez şükür edirəm ki, nə yaxşı belə yarışlar heç kimin ağlına gəlmir. Yoxsa, dünyamızı yalan və yalançılar bürüyər. Onsuz da elə müsabiqəsiz-filansız da dörd tərəfimiz yalançılarla doludu. Bəzən fikir verəndə görürsən ki, hamı bir-birinə yalan satır. Dünyada elə çağlar olur ki, aşağıdakılar yalan danışıb yuxarıdıkıları aldadır. Elə çağlar da olur ki, yuxarıdakılar yalana üstünlük verib aşağıdakıları yola verir. Hesab düzəlir, bərabərləşir. Amma zamanlar da olur ki, balans pozulur, haqq-hesab itir. Allah bizi o günlərdən qorusun, balansımızı daim qaydasında saxlasın.

Yalanın da müqəddəsi, qeyri-müqəddəsi var. Sokrat deyirmiş ki, əgər dostun özünü öldürmək üçün bıçağın yerini səndən soruşanda demirsənsə, bu, müqəddəs yalandır. Bəzən də yalanlar bir-birinə elə qarışır ki, heç fələk oğlu fələk də gəlib onları bir-birindən ayıra bilmir. Yalanlar da iç-içə qalıb bir-birilərini didirlər, bir-birilərini al qana qərq edirlər.

İndiyəcən çox yalançı adamlar görmüşəm. O qədər çox ki, yazsam yekə bir siyahı alınar. Onlardan birini yalançıların kvadratı və kubu da adlandırmaq olar. Bu adam elə yalanlar danışırdı ki, qalırdın matınan məəttəlin arasında. Yalanını adama elə ustalıqla sırıyırdı ki, ağzın əyilirdi, az qalırdın dediklərinə əməlli-başlı inanasan. Zalım oğlu zalım o qədər danışırdı ki, beyninin naklatkaları yeyilirdi. Ona görə də uzaqdan gəldiyini görən kimi aradan çıxırdım ki, məni  çənəsinin altına salmasın. Çənəsinin altına düşdünsə, vsyo, ölüsü bir-iki saat zəvziyib yaxanı buraxmayacaq, başı sıradan çıxarmağa çalışacaq. And-aman eliyirdi ki, Türkiyədə üç kitabı çıxıb, Amerikada pyesi tamaşaya qoyulub, Hollivud əsərləri ilə maraqlanır, onun ssenarisi əsasında film çəkmək istəyir. Kitablarını istəyəndə də deyirdi ki, hamısı satılıb. Bir dəfə də dedi ki, iki-üç dəfə Pac Kapurla abed eliyib. Dedim ki, sən onunla necə görüşə bilərsən, Raç Kapur ki, çoxdan dünyadan köçüb. Deyirdi ki, o ölməyib, başqa adla yaşayır. Əvvəllər dediklərinə az-çox inanırdıq. Amma sonra gördük ki, yox, onun danışdıqlarının tərkibi cəfəngiyyat və uydurmalardan ibarətdi. Son vaxtlar ona inanan olmadığından heç kimi aldada bilmirdi. Buna görə də vurnuxa-vurnuxa qalmışdı.

Allah rast saldı, özümə başqa bir yerdə iş tapdığımdan canım ondan qurtardı. Bu yaxınlarda keçmiş iş yoldaşım Səfər müəllimlə rastlaşdım. Bir az ötənlərdən, keçənlərdən danışdıq. Sözün əqrəbi hərlənib gəlib dayandı o yalançının kvadratının üstündə. Soruşdum ki, o zəvzək neyniyir, yenə gopluyurmu? Səfər müəllim dedi ki, bilirsən neyniyir? Dedim yox, bilmirəm, neyniyir ki? Dedi neyniyəcək, baxıb görür yalanları başqalarını aldada bilmir, indi də başlayıb özünü aldatmağa!  Mən bilən yalançının özü-özünü aldatması, yalançılığın və yalançının sonunun çatdığını göstərir.

Bilmirəm, siz indiyəcən öz-özünü aldadan birisini görmüsünüz, yoxsa yox? Vallah heç görməsəniz yaxşıdı! 

Rəy bildir

five × 4 =