Əsas səhifə İqtisadiyyat “Fitch Ratings”: Azərbaycanın büdcə kəsiri təhlükəli həddə deyil

“Fitch Ratings”: Azərbaycanın büdcə kəsiri təhlükəli həddə deyil

admin
445 Oxunub

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycanın tədiyyə balansının göstəricilərinə dair yeni proqnozlarını açıqlayıb. Agentliyin bəyanatında qeyd olunur ki, cari ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti 4%-ə çatacaqdır. Ölkəmizin cari əməliyyatlar hesabı 2021-ci və 2022-ci illərdə yenidən profisitə qayıdacaq və müvafiq olaraq ÜDM-in 4,4%-ni və 6,1%-ni təşkil edəcək. Qeyd edək ki, bu ilin ilk rübünün nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,0987 mlrd. manat təşkil edib. Bu, ÜDM-in 6%-ni təşkil edir.
“Fitch Ratings”in mütəxəssisləri hesab edirlər ki, cari ildə Azərbaycan iqtisadiyyatında azalma baş verəcək. ÜDM COVID-19 pandemiyası və neft bazarında mövcud volatillik səbəbindən azalması gözlənilir. Bu vəziyyət bankların aktivlərinin keyfiyyətinə də təsir edəcək, COVID-19-un təsiri və neft qiymətlərinin enməsi səbəblərindən təzyiqlə üzləşəcək. Ancaq ilin sonlarından başlayaraq iqtisadi azalma yenidən artıma doğru istiqamətlənəcək. 2021-ci ildə ölkəmizdə yenidən iqtisadi aktivlik bərpa olunacaq, ÜDM-in artımı baş verəcək. Azərbaycan iqtisadiyyatı neft bazarında tələbin bərpa olunması fonunda gələn il 2,5%, 2022-ci ildə isə 2,8% artacaq.
“Fitch Ratings” 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır. Bu proqnoz Azərbaycan üçün neftin itkisiz qiymətinin bir barelə görə 50,7 dollar səviyyəsində olacağı nəzərə alınaraq verilib. Agentliyin digər proqnozuna əsasən, ölkənin dövlət borcunun ÜDM-ə nisbəti bu ilin sonuna 23%-ə qədər artacaq, lakin 2022-ci il üçün enərək 19% təşkil edəcək. Qeyd edək ki, ötən il icmal büdcəsinin profisiti 7,343 mlrd. manat və bu ÜDM-in 9%-ə bərabər olub, xarici dövlət borcu isə 15,455 mlrd. dolar və ya ÜDM-in 18,9%-ni təşkil edib. Ancaq həm büdcə kəsiri, həm də dövlət borcunun həddi təhlükəli hesab edilmir.
“Fitch Ratings” agentliyi Azərbaycanın reytinqi ilə bağlı da yeni proqnozunu açıqlayıb. Agentlik ölkəmizin xarici və yerli valyutada emitentin uzun müddətli defolt reytinqinin “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə “mənfi”də saxlayıb. Azərbaycanın reytinqinin “BB+” səviyyəsində təsdiq edilməsi Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balansları, büdcə maliyyələşdirilməsinin çevikliyini və 19% səviyyəsində olan aşağı dövlət borcunu əks etdirir. Reytinq üzrə “mənfi” proqnoz isə Azərbaycanın xarici buferlərinin və pozulan makroiqtisadi tənzimləsinin neftin qiymətlərinin enməsindən və COVID-19 pandemiyasından alınan ağır zərbləri əks etdirir.
Azərbaycanın reytinqinin gələcəkdə aşağı sala biləcək faktorlar arasında “Fitch” makroiqtisadi sabitliyi pozan iqtisadi siyasət çərçivəsindəki baş verə biləcək bəzi hadisələri, məsələn, suveren xarici balansının sürətli pozulması və ya manatın məzənnəsinin nizamsız şəkildə devalvasiyasını göstərir. Bundan əlavə, reytinqə davamlı olaraq aşağı neft qiymətləri və ya uzun müddət davam edən xarici şoklar mənfi təsir edə bilər ki, bu da öz növbəsində iqtisadiyyata, bank sektoruna, maliyyə sektoruna və ya xarici mövqeyə ciddi mənfi təsir göstərə bilər.
Agentliyin proqnozlarına əsasən, manatın devalvasiyası ehtimalını azalda biləcək yuxarı neft qiymətləri, dövlətin konsolidasiya edilmiş büdcə kəsirini azalda biləcəyi, maliyyə aktivlərini qoruyub saxlaya biləcəyi əminliyi və dövlət borcunun ÜDM-yə olan aşağı nisbəti müsbət reytinq dəyişikliyinə gətirib çıxara bilər.

E.CƏFƏR

Rəy bildir

ten − four =