Əsas səhifə Siyasət Azərbaycanda “arzuolunmaz şəxs” Mehdiyev və onun komandasını ifşa etdi

Azərbaycanda “arzuolunmaz şəxs” Mehdiyev və onun komandasını ifşa etdi

admin
437 Oxunub

“Ramiz Mehdiyev Rusiyanın siyasi dairələrində Paşayevlərin düşmən obrazını yaratmışdı…”

Vaxtilə Rusiyanın ictimai həyatında, hərbi-sənaye sahəsində rəhbər vəzifədə olmuş, Azərbaycanda isə Borçalı cəmiyyətinin fəalı kimi tanınmış Sakit Allahverdiyev 13 il sonra danışıb. Bu susqunluğun səbəbi nə idi? Rusiyadan sonra niyə Azərbaycana deyil, Türkiyəyə üz tutdu? Onun Azərbaycanda “arzuolunmaz insan”siyahısına düşmə səbəbi və s.suallarımızı Sakit Allahverdiyev cavablandırıb. 

Haşiyə: Sakit Allahverdiyev kimdir?   Sakit Əjdər oğlu Allahverdiyev 03.07.1956-cı ildə Gürcüstanın Qaratəkəli kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini  1981 ci ildə bitirmiş, Rusiyanın Volqoqrad vilayətinə köçmüşdür. Kuril adalarında hərbi xidmətini başa vurduqdan sonra Volqoqrad  mərkəzi  rayon  komsomol təşkilatında  katib  kimi fəaliyyət göstərmişdir. Volqoqrad Politexnik Universitetinin  iqtisadiyyat fakültəsini bitirmiş və qiyabi olarag Tver şəhəri  Dövlət Universitetinin  hüquq  fakültəsində  təhsil  almışdır.

1983-cü ildə Rusiyanın Tver  vilayetində Zavidova (indiki adiRusya prezidentinin şəhərdən kənar rezidensiyası ,,RUS,, ) mədəniyyət evinə müdir təyin edilmişdir. Eyni zamanda  Zavidova rayon deputatı  olaraq  fəaliyyət  göstərmisdir. 1989-cu ildə Kommunist Partiyası sıralarından istefa vermişdir. Həmin dövrdə Tver  şəhərində “Ocaq” cəmiyyətini təsis etmiş, cəmiyyətin sədri  seçilmis, 1990-cı il 20 yanvarda Bakıda törədilmiş hadisələrə etiraz məqsədilə Tver şəhərində yürüş-mitinqin əsas təşkilatçılarından biri olmuşdur.Eyni  zamanda yanvarın 22-də  Moskvada keçirilən  mitinqin təsisçilərindən və təşkilatçılarından biri  olmusdur.

1998-2007-ci illərdə Rusiya strateji hərb-sənayesi obyektinə rəhbərlik etmişdir. 2007 ci ildə Volqoqrad şəhər meri seçkilərinə qatılmışdır. 2008-ci ildə Türkiyəyə köçmüşdür.

Rusya Federasiyası fəxri gəmiçisi  adına layig  görülmüş Sakit Allahverdiyev 2000-2007-ci illərdə müxtəlif orden, medal larla təltif edilmişdir:  Amerikada “Qızıl ulduz”, Fransada  Napoleonun 1801 – ci ildə təsis  etmiş olduğu  “SPI” medalına, Almanya bundestaqının “Avropa  Standartı”,  Sokrat adına medal, “Üç slavyan dövlətinin söhrət  çələngi”, Rusyada “Admiral Kuznetsov Medalı”, “Vətən Ulduzu”ordeni, ,,Dənizaltı gəmilərində xidmətinə görə ,,    ve  bir  sira  digər  medallarla  təltif  olunmusdur.

Müsahibəni olduğu kimi təqdim edirik:

-Uzun müddətdir ki, susursunuz. Bu susqunluğunuzun səbəbi nədir?  

-2003-2005-ci illərdə ictimai həyatda müəyyən fəaliyyətim olub. Bununla bərabər strateji əhəmiyyətli müdafiə sənayesi üzrə işləyən bir müəssisənin baş direktoru olmuşam.  Amma mətbuatda mənim haqqımda gedən yazılarda nədənsə məni “rus generalı” kimi qələmə verirlər. Mən general rütbəsini almamışam. O ki, qaldı rus generalı olum… Mən sovet vaxtında SSRİ-nin zabiti olmuşam. 10 il hərbi sənaye sahəsində rəhbər vəzifədə çalışmağıma baxmayaraq, general rütbəsi almamağımın əsl səbəblərindən biri  soyadımdakı “Allah” sözü ilə bağlıdır. Sovetlər dönəmində general rütbəsini qazanmaq bir qədər asan olsa da, sonralar bəzi instansiyalardan keçməli oldu.  Belə ki, sovet rejimindən sonra Rusiyada general rütbəsinin verilməsi bir çox instansiyalarla bərabər, dini xadimin də yazılı razılığı əsasında verilir. Protokola əsasən,general rütbəsi təqdim edilən  vaxt həmin şəxs xristian keşişinin əlini öpməlidir. Mən isə dinimin İslam dini olduğu üçün bu hərəkəti etməyəcəyimi düşünmüş və elə məhz bu səbəbdən həmin rütbəni  hec zaman dusunməmişəm. 

Susmağıma gəlincə isə… Mən 2007-ci ildən ictimai-siyasi fəaliyyətdən kənardayam. Heç bir siyasi partiyanın da üzvü deyiləm. Susqunluğum da bəzi məsələləri istisna etsək, əsasən bununla bağlıdır. Bu gün siyasi analitka ilə məşğulam.

– Niyə Rusiyadan Azərbaycana deyil, Türkiyəyə getdiniz? Bu, Vətəninizdə “arzuolunmaz şəxs” olduğunuz üçün idimi? 

– Ümumiyyətlə, mənim Azərbaycan iqtidarıyla ciddi və real faktlara söykənən qarşıdurmam olmayıb. Amma təəssüf ki, bəzi KİV-lərdə mənim haqqımda cürbəcür hekayələr yazırdılar. Bu hekayələrdə mən Rusiyanın adamı kimi qələmə verilirdim. Əsas səbəblərdən bir neçəsini qeyd edim. Vaxtilə mən Ümumrusiya Azərbaycanlıları Konqresində 10 il vitse-prezident olmuşdum. Həmişə hər yerdə Qarabağın Azərbaycana qaytarılmasını tələb etmişəm. Görünür bu fikirlərim və mənə məlum olan bəzi faktlar Azərbaycanda yüksək postlar tutmuş insanları qorxuya salmışdı.Və elə səbəblərdən məni Azərbaycan cəmiyyətinə, rəhbərliyə fərqli şəkildə təqdim etməyə çalışırdılar. Amma buna baxmayaraq, vaxtilə mənim yanımda çalışmış adamlar bu gün Azərbaycanda yüksək vəzifələrdədirlər…

Bir hadisəni danışım. 2003-cü ildə Fransada vaxtilə Napoleonun təsis etdiyi “SPİ” medalının təqdimetmə mərasimində mükafatçılara 5 dəqiqəlik sərbəst fikir söyləmək imkanı vermişdilər. Fransa prezident administrasiyasının, parlamentarilərin, dünyanın tanınmış iş adamlarının, erməni lobbisinin nümayəndələri qarşısında çıxışımı Dağlıq Qarabağ məsələsinə həsr etdim. Çıxış etdikcə özümü Fransada deyil, elə bil Erməstanda hiss edirdim, çünki çıxışım oradakıları qane etməmişdi. Hətta zalın içərisindən erməni dilində replika atanlar da olmuşdu. Oradan Moskvaya qayıtdım və səhərisi gün Azərbaycan qəzetlərində Əli Həsənovun tapşırığı ilə haqqımda xoşagəlməz materiallar tirajlanmağa başlandı. 

Rusiyada işlədiyim vaxtda hərbi-sənaye rəhbəri olduğum üçün bir çox qurumların, hakimiyyətə yaxın dairələrin qapıları üzümə açıq idi. Həmin dairələrdə hələ o vaxtlar Azərbaycandakı Paşayevlər haqqında xoşagəlməz fikirlər gedirdi. Bi qədər araşdırandan sonra bu fikirlərin haradan qaynaqlandığını anladım. Fikirləşdim ki, Azərbaycanda yüksək rəhbər vəzifədə oturan biri bunu niyə etmiş olsun? Və bir məqalə yazıb Azərbaycanda bir neçə qəzet redaksiyasına göndərdim. Təəssüf ki, o məqaləni Azərbaycanda heç bir qəzet çap etdirmək istəmədi. Məqalədə R.Mehdiyevin Rusiyanın siyasi dairələrində Paşayevlərə qarşı düşmən obrazı yaratdığını yazmışdım. Bunun qarşısı vaxtında almaq lazım idi. Rəhbər vəzifələrdə oturanlar da Mehdiyevin bu iyrənc siyasətinə qarşı durmurdu. Bunlar çoxdan uzaqlaşdırılmalıydılar. Rusiyada çalışan iş adamlarını Rusiyanın adamları kimi qələmə verməyə çalışırdılar. Axı Rusiyada yaşayıb işləyən birisi Azərbaycan iqtidarına niyə müxalif olsun ki? Mənim ürəyim həmişə Azərbaycanla döyünüb. Biz türkük, türklər, xəyanətkar olmaz! Türkçülüyün birinci şərti mərdlikdir! Bu şəxslər isə öz gizli oyunlarını həyata keçirmək üçün başqa insanlardan “vətən xaini” düzəltməyə, öz adlarını başqasına qoymağa çalışdılar. Sonda aqibətləri də məlum oldu. Vaxtında onlar çox iyrəncliklərə imza atdılar, çünki əllərində həm KİV-lər, həm də dövlət orqanları vardı… 

Azərbaycandan kənarda olan, vətəni uğrunda canından keçməyə hazır olan insanlara qarşı aparılan düşünülmüş siyasətin nəticəsində mənim kimi onlarla insan öz dövlətində “arzuolunmaz şəxs”ə çevirdilər.  Təklif edirəm ki, əgər dövlətdə elə bir siyahı varsa, o siyahıya yenidən baxılsın, yenidən araşdırılsın. Kimlərin imzasıyla mən “arzuolunmaz çəxs”ə çevrilmişəm? 

-Bu gün Azərbaycanın daxilində baş verən hadisələr Türkiyədən necə görünür?

-Azərbaycan rəhbərliyinin  həm daxili, həm də xarici siyasətində düzgün və sərt  mövqe qoyması təqdirəlayiq haldır.  Bəzi məmurların işindən kənarlaşdırılması  ölkədə aparılan islahatların fövqündə durur. Axı  liberallaşmanı əsas istiqamət seçən Azərbaycanın vaxtilə elmi –kommunizm dərsi demiş R.Mehdiyev  kimi birisinə ehtiyacı vardırmı? R.Mehdiyev qruplaşmasının ifşa olunması ilə bağlı son hadisələr göstərdi ki, Azərbaycan yeniləşir. Bu arada gəlin, Azərbaycanımızı biyabır etməyək: elmi-kommunizmdən, Lenindən elmi iş yazmış birinin AMEA-ya rəhbərlik etməsi Azərbaycan elminin imicinə də böyük zərbədir.

Bir məqamı da qeyd edim. Pandemiya zamanı ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa çalışan, məlum yürüşdən sonra gənclərimizi həbsə göndərmək və s. cəmiyyətdə bi kimi narazılıqların yaranması üçün bilavasitə göstəriş verənlərin missiyası xalqı dövlətə qarşı yönəltməkdən başqa bir şey deyil. 

-Beynəlxalq aləmdə iqtisadi-siyasi məsələlərin analitik mərkəzinin rəhbərlərindən biri kimi dünyanın dəyişən düzənini

necə izah edərdiniz?

– Bu gün hamı deyir ki, Covid 19 bitəndən sonra dünyada hansısa dəyişikliklər olacaq. Əslində dəyişmə prosesi SSRİ dağıldıqdan sonra gedir, Covid 19 –də onun ardıdır. SSRİ-nin dağılması türk dövlətlərinin müstəqillik dövrü kimi daha səciyyələndirmək daha doğrudur. Türk  dövlətlərinin müstəqillik dövrü qloballaşan dünyanın içərisində bir sistem kimi davam edir və bu da istər-istəməz dil-din, coğrafi və siyasi məsələlərdə birlikdə olmalıdırlar. Demokratiyanın inkişafı prosesi bu ölkələrin hər birində  özünəməxsus şəkildə gedir. Əminəm ki, türk dövlətləri yaxın gələcəkdə siyasi- iqtisadi-ticari birliyə qovuşacaqlar. Qloballaşan dünyada əsas məsələlərdən biri “soyuq müharibə”nin bitdiyinə arxayınlaşmamaqdır. Hər dövlətin milli maraqları var, mili maraqlarını təmin etmək üçün isə mübarizə savaş müstəvisinə gəlib çıxarır. Zəruridir ki, Türk dövlətləri birləşməli, demokratik dövlətçiliyi inkişaf etdirməli, dünyada öz yerini tutmalıdır.

-Yeni müstəvidə olan Rusiya-Türkiyə münasibətləri Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərəcək?

-Rusiya-Türkiyə münasibətləri Dağlıq Qarabaq münaqişəsini həllində dayaq nöqtəsidir. Türkiyə hər dəfə Azərbaycanın haqq səsinə dəstək verdikcə və dünya, eləcə də Rusiya, Ermənistan bunu dərk etdikcə münaqişənin tənzimlənmə məsələsində qüvvələr tarazlığı yarandığı ortaya çıxır. Hamıya məlumdur ki, Azərbaycan ərazisində Ermənistan yaradan Rusiyadır. İlk növbədə Minsk qrupunun işindən imtina etməlidir. Bu qrupa daxil olan dövlətlərin heç biri münaqişəyə Azərbaycanın maraqları prizmasından yanaşmır və heç vaxt da yanaşmayacaq. Onlar istəyirlər ki, Azərbaycanda bir neçə nəsil dəyişsin və yeni gələn nəsil Qarabağın varlığını unutsun.. 

Son vaxtlar Rusiya xarici içlər naziri Lavrovun Simonyanın dediklərini dolayısı ilə öz fikirləri kimi bəyan etməsi  iki dövlət arasında qurulmuş əlaqələri zərbə altına alır. Bu gün Rusiya 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən bu günədək Azərbaycana qarşı apardığı ənənəvi siyasətdən imtina etməlidir.  Türkmənçay müqaviləsini mən sülh deyil, Azerbaycanin iki  dövlet tərəfindən zəbt müqaviləsi adlandırıram. Bundan sonra yetərincə hadisə və fakt var: Rusiya Azərbaycan torpaqlarında iki istiqamətdə siyasət yürüdür – birinci siyasət , ərazilərimizdə  ikinci bir erməni dövləti yaratmaq, bunun uğursuz olacağı təqdirdə isə Azərbaycanda “tampon” bir dövlət yaratmaqdır. Bu siyasət təkcə Rusiyanın deyil, həmçinin İranın Azərbaycana qarşı siyasətində əsas xəttdir. Ortada faktlar var: Qarabağ döyüşləri vaxtı İran erməni hərbçilərinə ərazisindən keçib, Azərbaycan əsgərlərini mühasirəyə almasına şərait yaradıb. Əgər bu gün Rusiya, İran bu hərəkətlərini diplomatik yolla ört-basdır etmək istəyirlərsə, bilsinlər ki,  bu cur  faktlar  danılmazdır ,  torpaqlarının 20% zəbt olunsa  belə  Azərbaycan mustəqil  dövlətdir və  əminəm ki, bu  dövlətin  rəhbərliyi  mütləq  dirəniş  göstərəcək və torpaqlarını azad edəcək.  

P.HÜSEYNOVA

Rəy bildir

1 × four =