Əsas səhifə Analitika “O, İlham Əliyevin kölgəsini qılınclamağı özünün bir nömrəli vəzifəsi hesab edirdi…” – Alqış Musayevin heç yerdə demədiyi maraqlı faktlar

“O, İlham Əliyevin kölgəsini qılınclamağı özünün bir nömrəli vəzifəsi hesab edirdi…” – Alqış Musayevin heç yerdə demədiyi maraqlı faktlar

admin
232 Oxunub

“Ramiz Mehdiyev enerji, vaxt və pul xərcləməsin…”

Akademikin “montyorsayağı” üslubu…

-Alqış müəllim, Ramiz Mehdiyev “Təzadlar” qəzetində növbəti  açılamasını verib. Hədələyir qorxudur. Məlumatınız var yəqin..

-Məncə, onun son açıqlamasına Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən gələn izahat daha maraqlıdır. Həmin müəmmalı şərhdən  bəlli olur ki,  Ramiz Mehdiyev “Təzadlar” qəzetinin əməkdaşı ilə  telefon əlaqəsi yaratsa  da, ona heç nə söyləməyib. Bu necə olur, danışmısan, amma heç nə deməmisən? Sanki söhbət  Elmlər Akademiyasının prezidentindən yox, adi bir rabitəçi mantyordan gedir,  hansısa abunəçinin  xəttini yoxlayır,  rabitənin keyfiyyətini  araşdırır, dəstəyi götürüb qulaq asır, ATS ilə əlaqə saxlayır və sağollaşır…

Çoxlarına qəribə görünsə də, bu mənə tanış görünən bir üslubdur. Akademikin mətbuatla münasibətlərində belə praktika- “xətti yoxladığı” vaxtlar az olmayıb. 2001 – ci ildə Rusiyada bir informasiya portalı fəaliyyət göstərirdi, ”qazeta ru”,- səhv etmirəmsə, adı da beləydi. Elə indi də var. Tez-tez Azərbaycanla, Heydər Əliyevlə bağlı dezinformasiyalar yayırdı. Həmin ərəfədə bu informasiya portalı birdən – birə Azərbaycana xüsisi “diqqət”ayırıb, “Qafqazda ən nüfuzlu siyasətçilərin reytinqi”ni müəyyən edən siyahıya prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin adını yazmışdı. Əlbəttə, bu “reytinq” təşkil edilmişdi və açıq-aydın  bir provakasiya idi.

Maraqlısı isə o idi ki, “qazeta.ru” da yayılan həmin yazını “Azərbaycan” qəzeti olduğu kimi dərc etmişdi. Təbii ki, Ramiz Mehdiyevin razılığı və tapşırığı ilə. Dəqiq yadımdadır, belə təxribat məzmunlu məlumatın “Azərbaycan” qəzetində təkrar tirajlanması Ulu Öndərimizin sərt reaksiyasına səbəb olmuşdu. Mən də “qazeta.ru”-nun cap etdiyi həmin “reytinqin” nəyə xidmət etdiyini,  hansı məqsədlərə hesablandığını izah edən tənqidi bir məqalə hazırlayırdım. Görün Ramiz Mehdiyev vəziyyətdən çıxmaq üçün necə davrandı. “Yeni Azərbaycan” qəzetinə – mənə zəng edib dedi ki, sən bilirsən də, bu “qazeta.ru” həmişə Azərbaycana, xüsusilə də Azərbaycan Prezidentinə qərəzli yanaşıb, onun səhhəti ilə bağlı yalan məlumatlar yayır. Bu günlərdə də bir yazı dərç edib. “Azərbaycan” qəzeti də yazının mahiyyətini dərk etmədən (“Azərbaycan” qəzetinin baş redaktoru haqqında çox təhqiramiz və aşağılayıcı bir ifadə işlətdi, mən o ifadəni xatırlamaq istəmirəm – A.M.) götürüb dərc edib, bu biabırçılıqdır. Belə şeylərə yol vermək olmaz.

Sonra cox mülayimcəsinə, xahiş edirmiş kimi əlavə etdi ki, sən çalış, bu mövzuya toxunma. Mən də onun “məsləhətini” nəzərə alıb bu mövzunu qapadım…

Məmur qiyafəsi ona dar gəlirdi…

-Sizcə  doğrudan da bu, bir təsadüf idi və Ramiz Mehdiyevin baş verənlərdən xəbəri yox idi?..

Heç bir şey təsadüfən baş vermirdi. O dövrdə, 1999 – cu ildən başlayaraq, Mehdiyev artıq məmur qiyafəsindən, çinovnik obrazından çıxmaq üçün  fəaliyyət göstərirdi . Bunun üçün müxtəlif vasitələrdən istifadə edirdi.

-Nədən ibarət idi bu fəliyyətin istqaməti …

Bildiyiniz kimi, onun nəzarətində inzibati resurslar vardı. Belə bir norma mövcuddur, yeni təyinat alan kadrları  bir qayda olaraq Administrasiya rəhbəri qəbul edir. 1999-2000-ci ildən etibarən, belə qəbullar zamanı Mehdiyev daha çox özündən danışır və bir detalın altını məxsisi olaraq  çızırdı. Deyirdi ki, mən hələ Heydər Əliyevdən əvvəl komsomolda fəaliyyət göstərməyə başlamışam. Yəni mən özüm özümü yaratmışam. Bu, onun özünü müstəqil siyasətçi kimi təqdim etmək,  Heydər Əliyevin kölgəsindən çıxmaq üçün etdiyi cəhdlərdən biri idi. Halbuki Ulu Öndərimizin səhhətində  problemlər yaranana qədər  özünü Heydər Əliyevin sadiq silahdaşı kimi qələmə verməyə şalışırdı…

Fürsət düşəndə deyirdi ki, guya o Heydər Əliyevin hakimiyyətə qayıdışını təmin etmək üçün 80-ci illərdə hansısa beyin mərkəzi yardıb. Bunu da ictimai rəyə müxalifətin əliylə daxil etmək istəyirdi.

Bir dəfə Müsavatın başqanı İsa Qəmbərlə müsahibə götürən müxbir heç mətləbə dəxli olmadan  İsa Qəmbərdən sorumuşdu ki, 80-ci illərdə Ramiz Mehdiyev bir beyin  mərkəzi yaratmışdı, bu barədə nə deyə bilərsiniz…

Ramiz Mehdiyev Azadlıq meydanına niyə getməmişdi?

Maraqlıdır, Müsavatın başqanı nə cavab vermişdi?

-Təbii ki, İsa Qəmbər belə bir mərkəzin yaradılmasıyla bağlı onda hər hansı bir məlumatın olmadığını demişdi. Başqa nə deyə bilərdi ki, cünki heç bir mərkəzdən söhbət gedə bilməzdi, bütün bunlar Mehdiyevin özünütəbliği üçün uydurması idi. Onun hədəf olaraq seçdiyi başqa bir istiqamət – meydan hadisələri və o dövrdə baş verən ictimai-siyasi proseslər idi. O, hər vəchlə özünün o tarixi hadisələrə, vətənpərvər kəsimə, milli düşüncəyə  aidliyini sübut etmək istəyirdi. Bir neçə xüsisi təyinatlı emissarı vardı. Onlar müntəzəm olaraq orda –burda əsasən də müxalif düşərgədə danışırdılar ki, Ramiz Mehdiyev milli adamdır, hakimiyyətə gəlsə, milli qüvvələr birləşəcək və sair…

Digər tərəfdən də rəsmi qəzetlərdə dərc olunan yazılarında belə eyhamlar səsləndirirdi. Bir dəfə meydan hadisələrindən  bəhs edən bir məqalədə Mehdiyev deyirdi ki, o vaxt mitinqlər gedən vaxt  biz Mərkəzi Komitədə işləsək də, ürəyimiz “Azadlıq” meydanında idi. Amma biz mitinqlərə qatıla bilmirdik, cünki imperiyanın çəza maşını hələ işləyirdi.

Diqqət yetirin, nə qədər uğursuz bir cəhd edir. Belə tezislər isə onun əksinə işləyirdi və onu gülünc duruma salırdı.

Onun dediklərindən belə çıxırdı ki, canından, vəzifəsini itirməkdən qorxurmuş, onda sual yaranır, bəs o mitinqlərdə iştirak edən milyonların canı can deyildi?

Təsadüfi deyil ki, Mehdiyev Akademiyaya prezident təyin ediləndən dərhal sonra akademiyanın bir əməkdaşı tərəfindən 1988-ci illərdəki mitinqlərin Mehdiyev tərəfindən təşkil və idarə olunduğu haqda düşük və əttökən bir fikir səsləndirildi. Göründüyü kimi,  Mehdiyevin özünü tarixə, milli şüura  ictmai rəyə daxil etmək kimi çabaları heç bir uğurlu nəticə vermirdi. Əksinə, onun əleyhinə işləyirdi,  necə ki, bu gün onun verdiyi hər açıqlama Mehdiyevi çıxılmaza sürükləyir.

Naqisliklərin, eybəcərliklərin şəksiz və şəriksiz bir müəllifi var, o da…

Mehdiyev Prezident İlham Əliyevə qarşı fəaliyyətə nə vaxtdan başlamışdı?

-Mehdiyev administrasiyanın rəhbəri olduğu illərdə, hələ Heydər Əliyevin sağlığında İlham Əliyevin kölgəsini qılınclamağı özünün bir nömrəli vəzifəsi hesab edirdi. Bu haqda, Mehdiyevin Azərbaycan prezidentinin liderlik imicinə  qarşı yönələn ideolji təxribatlarından  yüzlərlə nümunə gətirmək mümkündür. Amma mən bir faktı gətirməklə kifayətlənmək istəyirəm.  Təəssüf ki, adını unutduğum Rusiyanın nüfuzlu ictimai xadimlərindən biri Heydər Əliyevlə söhbətinin məzmununu yaymışdı. Orada həmin  rusiyalı  ictimai xadim deyir ki, mən Heydər Əliyevdən  oğlu İlham Əliyevin siyasətə maraq göstərib göstərmədiyi  ilə maraqlandım. Heydər Əliyev cavab verdi ki, siyasət, dövlət işi cox gərgin bir fəaliyyət sahəsidir. Sadəcə, mənim İlham Əliyevə hayıfım gəlir. Ancaq mən onun adından heç nə deyə bilmərəm, hansı yolu  seçəcəyini  İlham Əliyev özü müəyyən edəcək.

Bu, cox məntiqli bir cavabdır. Di gəl ki, o mətndəki “mne jal eqo” ifadəsi Azərbaycan dilinə “mənim ona yazığım” gəlir kimi tərcümə edilmişdi. Və rəsmi mətbuat nədənsə sitat gətirmək lazım olanda  məhz o hissəyə istinad edirdi. Fərq göz qabağındadır. “Mən ona qıymıramla”, “mənim ona yazığım gəlir” ifadələri tamam bir-birindən  fərqli qənaət doğurur,  fərqli rəy yaradır. Bunu adi tərcümə xətası hesab edib, yozmaq heç cür mümkün deyil. Amma akademik hələ də özünü duruluğa çıxarmaq istəyindən  əl çəkmir. Dirəniş də hələ ki, davam edir…

Mən bir qənaətimi əminliklə sizinlə bölüşə bilərəm. Bu gün ictimai düşüncə cox həssasdır. Onu yönəltmək çox çətin bir işdir. Kimin nə demək istəməyindən asılı olmayaraq xalq özü inanmaq istədiyi şeylərə inanır. Xalq nəyə inanmaq istəsə, ona da inanacaq. Xalq və bütövlükdə ictimai fikir inanmaq istəyir ki, hazırda ictimai münasibətlər sistemindəki bütün naqisliklərin, eybəcərliklərin bir şəksiz və şəriksiz müəllifi var, o da Ramiz Mehdiyevdir.

Yaxın 20, 30, 50 ildə bir rəyi heç bir qüvvə dəyişdirə bilməyəcək. Ramiz Mehdiyev, eləcə də onun təəssübünü çəkmək istəyən kim varsa, bu istiqamətdə enerji, vaxt və pul xərcləməsinlər…

Nəzirə RAFİQQIZI

Ardı var

Yazının birinci hissəsi burada:

ttps://thebusinesstimes.az/2020/09/10/2004-cu-ild%c9%99-ramiz-mehdiyev-niy%c9%99-kovr%c9%99lib-aglamisdi-alqis-musayevin-hec-yerd%c9%99-dem%c9%99diyi-maraqli-faktlar/

Rəy bildir

12 + four =