Əsas səhifə İqtisadiyyat Enerji və nəqliyyat layihələrinin regionda qlobal təhlükəsizliyə təsiri

Enerji və nəqliyyat layihələrinin regionda qlobal təhlükəsizliyə təsiri

admin
63 Oxunub

44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya bir daha göstərmiş oldu. Əldə olunan zəfər ölkəmizi artıq qarşıdurma yox, əməkdaşlıq məkanına çevirdi. Tarixən starteji əhəmiyyətli xətlərin keçdiyi Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaranmağa başladı. Yeni layihələrin formalaşması öz təsdiqini 2020-ci il 10 noyabr tarixində Azərbaycan Prezidenti İ.Əliyev, Rusiya Prezidenti V.Putin və Ermənistan Baş Naziri N.Paşinyan tərəfindən imzalanmış üçlü bəyanatda əksini tapdı. Həmin bəyanatın 9-cu maddəsinə əsasən: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilir”.

Bəyanatdan göründüyü kimi, Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhliz Azərbaycan və regionun digər ölkələri üçün, o cümlədən regional nəqliyyat layihələri üçün əlverişli şərait yaradacaq. Bu dəhlizin əhəmiyyətinə gəldikdə, Azərbaycanı Naxçıvanla birləşdirən quru nəqliyyatı imkanı yaranır, Azərbaycan İran və Gürcüstan yollarına alternativ olaraq, Türkiyəyə birbaşa çıxış əldə edir. Müqayisə üçün, Naxçıvan dəhlizindən keçəcək yol Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən 340 km daha qısa olacaq. Bu da öz növbəsində nəqliyyat məsafəsini və xərcləri azaltmaqla yanaşı, Türkiyə-Azərbaycan arasında turzmi canlandıracaq, ikitərəfli və çoxtərəfli ticarət əlaqələrinin inkişafına zəmin yaradacaq.

Qurulacaq yeni infrastruktur və dəmir yol xətləri Rusiya tərəfindən də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Rusiyadan gələn qatarlar Naxçıvan dəhlizinə çataraq oradan asanlıqla İran, Emənistan və Türkiyəyə gedən xətlərə birləşdiriləcək.

Belə bir tranzit dəhlizin yaranması İranın iqtisadi maraqlarına da fayda verəcək. Regionda mövcud olacaq sabitlik İranın Cənubi Qafqazda reallaşacaq yeni layihələrdə iştirakını təmin edəcək.

Türkiyə Prezidenti R.T.Ərdoğanın da qeyd etdiyi kimi, əgər Ermənistan yeni formalaşacaq 6 ölkədən ibarət platformada (Azərbaycan, Ermənistan, İran, Gürcüstan, Rusiya və Türkiyə dövlətləri nəzərdə tutulur) iştirakı qəbul edərsə, regionda yaranmış yeni reallıqda özünə faydalı bir yer tuta bilər.Bununla da Ermənistan bütün regional fürsətlərdən yararlanmqala yanaşı, iqtisadi sabitliyə qovuşar  və Qərbdən asılılığı azala bilər.

Enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə, şübhəsiz ki, Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola sahibdir. Uzun illərdir ölkəmiz Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. TANAP layihəsinin uğurla reallaşması buna nümunə ola bilər. Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığı, qardaşlıq və dostluq fəaliyyətləri bu strateji layihəni uğurla həyata keçirməkdədir. Heç kimə sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəqli Azərbaycan və Türkiyə arasında mövcud olan əməkdaşlığın, faydalı iş əmsalının, iqtisadi inkişaf dinamikasının göstəricisidir. Azərbaycanın enerji strategiyası regionda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə münasibətlərinin daha da inkişaf etdirməsinə müsbət təsir göstərir. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Qeyd etmək lazımdır ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 3,8 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran, Qətər, ABŞ, Səudiyyə Ərəbistanından sonra altıncı yeri tutur. Türkmənistan Azərbaycanın vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanı əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Ümumiyyətlə, belə dəhlizlərin yaranması və enerji layihələrinin həyata keçirilməsində əsas məqsəd ölkələrin öz iqtisadi risklərini, xüsusilə lojistika, nəqliyyat məsələlərində risklərini minimuma endirməkdir. Bütün əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr Azərbaycanın regionda sabitliyə indekslənmiş siyasətinə, enerji və nəqliyyat layihələrinin regionda qlobal təhlükəsizliyə öz töhfəsini verir.

Hüseyn Hüseynli

Tarix üzrə fəlsəfə doktoru,

BDU-nun Tarix fakültəsinin müəllimi

Rəy bildir

five × 4 =